Psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Lakin onlar həmin dövrdə bu problemi psixi inkişaf ləngiməsi deyil, psixi və psixofiziki infantilizm termini olaraq tədqiq etmişlər. Daha sonar isə “psixi və psixofiziki infantilizm” termini öz əhəmiyyətini itirərək, ancaq müxtəlif növ intellektual çatışmazlıqlarda istifadə olunmağa başladı. İnfantilizm termini fiziki və psixi olaraq öz yaş səviyyəsinə görə geri qalma kimi açıqlanır.
Bu problemlə bağlı digər fikir isə Pevznerə məxsusdur. O, belə hesab edirdi ki, infantilizm emosional-iradi və intellektual sferanın inkişafdan qalmasıdır. Bu cür uşağın psixikasının əsasını əvvəlki mərhələyə xas olan psixi xüsusiyyətlər təşkil edir.
Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Bu amillər isə 3 qrupa bölünür:
1)Endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu
2)Ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu
3)İrsi amillər
Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, mənfi rezus faktoru, nevropatiya daxildir.
Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir.
İrsi amillər isə genetik faktorlarla bağlıdır.
Bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təstiqini tapmamışdır.
Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlərlə tanış olaq:
- Ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkir
- Çox vaxt məntiksiz hərəkətlər etmə
- Say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinlik çəkmək
- Diqqəti mərkəzləşdirə bilməmək
- Təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkmək
- İradə və emosional sferada kasadlıq
- Təsəvvür etmədə çətinlik
- Tez təsir altına düşmə
Əgər uşaqlarda bu hallar müşahidə edilərsə o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür.