21 ildir təhsil sahəsində çalışıram. Bu illər ərzində xüsusi təhsil, inklüzivlik, loqopediya və fərdi yanaşma prinsipləri ilə minlərlə uşağa, müəllimə, valideynə, məktəb rəhbərliyinə dəstək olmuşam. Uzun müddət Təlimə Dəstək Mərkəzi (TDM) çərçivəsində metodist kimi fəaliyyət göstərmiş, həm təlimçi, həm tətbiqedici, həm də təşviqedici olmuşam.
Xüsusi təhsil məktəblərində oxuyan uşaqlar – istər məktəbdə, istər evdə təhsildə olsunlar – bu gün sistemin içində əzilir, hüquqları əllərindən alınır. “Təhsilə yararsız” diaqnozu ilə məktəblərdən çıxarılan uşaqlar var! Bu, nə vicdana, nə qanuna, nə də insanlığa sığar!
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili hələ də tibbi imtiyaz kimi təqdim olunur. Yəni uşağın oxuyub-oxumaması həkimin qələminin ucuna baxır. Təhsilin taleyi bir tibbi rəyə bağlanıb. Təhsil sistemimizin yerini səhiyyə tutub, müəllimlər isə “gözləmə zalında”. Nə deyəsən? Təhsili tibbi analizə çeviriblər.
Uşaqlar ildə bir dəfə psixiatrın qarşısına “çıxarılır” ki, görək növbəti il də oxumağa layiq sayılacaqlarmı?! Sanki təhsil onların hüququ yox, imtiyazıdır.
İndi qulaq asın:
Əgər uşağa “yüngül əqli gerilik” diaqnozu qoyulsa – məktəb YOX! Evdə təhsil.
Əgər “orta əqli gerilik” yazılsa – məktəb olar!
Görünür bizdə diaqnoz nə qədər “ağırdısa”, bir o qədər “təhsilə uyğundur”. Bravo, məntiqin mükəmməl təntənəsi!
Disleksiya - Disqrafiya əqli və fiziki eşitmə problemi olmayan uşaqlarda oxu-yazı çətinliyi deməkdir. Yəni oxu və yazının öyrənilməsinin pozuntusudur.
Alimlər hesab edir ki, oxu və yazı bacarıqları ilə bağlı problemlər beynin quruluşu və fəaliyyətindən asılıdır. Əlbətdə ki, disleksiya-disqrafiya əksər hallarda genetika ilə bağlıdır.
Disleksiya aşağı intellektin, görmə və ya eşitmə problemlərinin, motivasiyanın olmamasının və ya zəif öyrənmə üsullarının nəticəsi deyil. Disleksiyası olan insanlar digər sahələrdə normal qabiliyyətlərə malikdirlər. Həmçinin yaradıcı istedadları ilə seçilir və yenilikçi düşüncələr nümayiş etdirirlər.