30.11.2015 20:32

Uşaqlarda nitq qüsuru necə aradan qaldırılmalıdır? (Müsahibə. Olaylar.az)

Nitq insanın ən vacib funksiyalarından biridir. Nitq insanlar arasında ünsiyyət yaratmaqla yanaşı, həm də onların dərketmə fəaliyyətini inkişaf etdirir. Ona görə də uşaqlarda düzgün nitq qabiliyyətini formalaşdırmaq zəruridir. Ancaq yaşadığımız cəmiyyətdə bəzi hallarda bu istiqamətdə problemlərlə də qarşılaşırıq. Daha doğrusu bir çox uşaqlarda düzgün nitq qabiliyyətinin olmaması, qüsurlu danışıq halları, eləcə də eşitmə orqanlarının zəifliyi kimi fəsadlar özünü göstərir. Bəs görəsən bu kimi problemlər haradan qaynaqlanır və bu kimi neqativ hallar uşaqların psixologiyasına necə təsir göstərir? Eləcə də qeyd edilən problemlərin aradan qaldırılması üçün hansı addımları atmaq lazımdır. Bu və ya digər məsələlərlə bağlı Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova ilə söhbətləşdik.

-Esmira xanım, uşaqlarda nitq qüsurları nədən əmələ gəlir və bu hal onların psixologiyasına hansı təsiri göstərir?

-Etiraf etmək lazımdır ki, son zamanlar qeyd etdiyiniz problemlərə daha tez-tez rast gəlinir. Bəzi səbəblərin göstərdiyi təsir nəticəsində nitqdə düzgün olmayan səs tələffüzü, yaşa uyğun olmayan danışıq, kəkələmə kimi qüsurlar özünü göstərir. Belə pozulmalar bəzən nitqi çətinləşdirir, bir sıra hallarda isə tamamilə nitqdən ünsiyyət vasitəsi kimi istifadəni qeyri-mümkün edir. Tədqiqatlar onu deməyə əsas verir ki, müasir dövrdə altı yaşına qədər uşaqların 30 faizdən çoxu tələffüz qüsurlarına malikdirlər. Ümumiyyətlə nitq qüsurlarını yaradan səbəblər ümumilikdə bunlardır. Mərkəzi nitq aparatının zədələnməsi, periferik nitq aparatında problemlər, irsiyyət, psixo-sosial amillər. O ki qaldı nitqi qüsurlu uşaqların psixologiyasına, bu bir danılmaz faktdır ki, nitqi qüsurlu uşaqlar bir qayda olaraq həyatından küskün əhval-ruhiyyədə olurlar. Onlar tez-tez bədbinliyə qapılırlar. Bu uşaqlarda loqofobiyalar rast gəlinir. Bu kimi uşaqlar bəzəndə çox tərs, inadkar və ərköyün olurlar. Eyni zamanda nitqin bu və ya digər dərəcədə pozulması uşağın əqli, psixi və sosial inkişafında da müəyyən çətinliklər törədir. Düzgün və səlis nitqin olmaması uşaqları utancaq edir, onlar daima özlərinə qapanmış vəziyyətdə olurlar. Məktəbdə belə uşaqlar özünü narahat hiss edir, həmyaşıdları ilə ünsiyyətə girməkdən çəkinir. Bütün bunlar ümumilikdə uşağın ümumi inkişafına mənfi təsir göstərən amillərdəndir.

-Bəs belə halların erkən yaşlarda aradan qaldırılması, nitq və eşitmə qüsuru probleminin həlli hansı halda mümkündür?

-Sözsüz ilkin yoxlama vacibdir. Yəni valideynlər uşaqlarının nitqində hər hansı bir problem görsələr mütləq loqopedik yoxlanışa aparsınlar. Əlbətdə ki, evdə ilk uşaqda nitqində problem olduğunda ailə heç də həyəcan keçirmir. Fikirləşirlər ki hansısa qohumunun nitqinə bənzəyir və nə vaxtsa keçib gedəcək. İkinci uşaqda belə bir problem olarsa valideyn artıq bunu ilk usagı ilə muqayisə edə bilir. Yəni erkən müdaxilə mütləq vacibdir.

-Bəs bu sahə üzrə praktik materiallar varmı?

-Ən ciddi problemlərdən biri bu sahə üzrə praktik materialların olmamasıdır. Hesab edirəm ki, bu istiqamətdə praktik materialların daha çox olmasına ehtiyac var. Əgər müəyyən praktik materiallar olmasa, uşaqlarda nitq qüsurunu da aradan qaldırmaq çətin xarakter alır. Əsasən də Azərbaycan dilində uşaqlar və mütəxəsisslər üçün praktik ləvazimatlar hədsiz dərəcədə azdır. Eyni zamanda məktəbin və ailənin də nitq qüsurlarını aradan qaldırmaq və bu problemin qarşısını almaqda rolu böyükdür. Buna görə də uşaq müəssisələri və ailə qarşısında duran əsas vəzifə uşağın nitqini inkişaf etdirməkdir. Bu vəzifənin öhdəsindən gəlmək üçünsə yenə də praktik materiallar, pedaqoji vasitələrə ehtiyac duyulur. Onu qeyd etmək yerinə düşər ki, nitq qüsurlarının aradan qaldırılmasında həkimlərlə loqopedlərin sıx əməkdaşlığı zəruridir.

-Bu istiqamətdə hansısa dərs vəsaitləri varmı?

-Təəssüflər olsun ki, bu istiqamətdə kifayət qədər dərs vəsaiti yoxdur. Xüsusilə ali məktəblərdə dərs vəsaitləri azlıq təşkil edir. İndiyə qədər dərs vəsaiti kimi yalnız rus ədəbiyyatından istifadə edilib. Yalnız son dövrlərdə bir neçə vəsait yazılıb ki, bu da kifayətedici deyil. Bir sözlə müasir tədris vəsaiti, o cümlədən azərbaycandilli ədəbiyyat sarıdan çatışmazlıq var.

-Loqopedlər xarici təcrübədən yararlanmağa nə dərəcədə üstünlük verirlər?

-Məlumat üçün qeyd edim ki, loqopedlər daha çox yerli təcrübəyə əsaslanırlar. Düzdür, bu istiqamətdə beynəlxalq təcrübə ilə də maraqlanan loqopedlər var. Məlumat üçün qeyd edim ki, mən özüm müntəzəm olaraq müxtəlif xarici ölkələrdə tədbirlərdə oluram. Son vaxtlar Türkiyədə və Rusiya Federasiyasında bu sahə üzrə keçirilən konfrans və toplantılarda iştirak etmişəm. İlk azərbaycanlı loqoped olaraq Azərbaycanı təmsil etmişəm. Keçən ay Rusiyanın Saratov vilayətində “Sosial-mədəni inteqrasiya və xüsusi təhsil” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdim. Saratov Pedoqoji Dövlət Universiteti və Almaniyanın Təhsil və Elmi İnformasiya Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan konfransda xüsusi təhsil və sosial-mədəni inteqrasiya istiqamətində müzakirələr aparıldı, məruzələr dinlənildi. İlk dəfə idi ki, Azərbaycan da bu konfransda təmsil olunurdu. 18 ölkənin nümayəndəsinin iştirak etdiyi konfrans zamanı “Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlar üçün nəzərdə tutulmuş mərkəzlər” mövzusunda məruzə ilə çıxış etdim. Təbii ki, konfrans çərçivəsində iştirakçı ölkələrin bu sahədə olan təcrübəsi ilə də maraqlandım. Ancaq təəssüflə onu da bildirmək istərdim ki, bu sahədə xarici təcrübə ilə tanış olan loqopedlərimiz azdır. Ona görə də bu gün loqopedlərin xarici təcrübəni öyrənməsinə böyük ehtiyac var.

-Bəs bölgələrdə bu sahədə vəziyyət necədir?

-Təəssüflər olsun ki, bölgələrdə loqopedlər sayca çox azdır. Bu da bir sıra səbəblərlə bağlıdır. Birincisi, bölgələrdə bu sahəyə maraq azdır. Həmçinin ştatlar və mütəxəssislər yoxdur. Digər tərəfdən nitqi qüsurlu uşağın valideynləri bəzən mütəxəssis axtarmağa maraqlı görünmür, uşaqları taleyin ümidinə buraxırlar. Hesab edirəm ki, bu da qeyd olunan sahədə maarifləndirmə işlərinin aparılmaması ilə bağlıdır

Süleyman İsmayılbəyli

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr