Övladıma necə yeni sözlər öyrədim?
Nitqin inkişafı prosesində ali psixi funksiyalar inkişaf edir və bu da öz növbəsində nitqlə sıx bağlı olan təfəkkür prosesinin inkişafına gətirib çıxarır. Məlumdur ki, düzgün və gözəl nitq müvəffəqiyyətli münasibətə və uşağın özünün inkişafına müsbət təsir edir.
Savadlı və səlis nitq uşağın ətrafdakılarla ünsiyyət qurmasında özündə əminlik yaradır. Gözəl nitq qabiliyyəti olan uşaqlar öz həmyaşıdlarından qat-qat fərqlənirlər. Əlbətdəki bu fərqlilik ailələrin tam ürəyincədir.
Lakin bu gözəl və səlist nitq hər bir uşaqda müşahidə edilmir. Xüsusi ilədə qeyd etmək istərdim ki, son zamanlar nitq ləngiməsi və lüğət ehtiyatının zəifliyi uşaqlarda daha çox rastlanılır. Səbəbləri aydınlaşdırmadan əvvəl normada yaşa görə lüğət ehtiyatını aydınlaşdıraq.
Bu arada lüğət ehtiyatı iki yerə bölünür: Passiv və aktiv lüğət. Passiv – anladığı sözlər (bildiyi, tanıdığı, amma adlandırmadığı əşyalar). Aktiv lüğət dedikdə uşağın istifadə etdiyi sözlər nəzərdə tutulur. Qeyd etmək istərdim ki,hər bir insanda passiv lüğət aktivdən daha çoxdur.
Son zamanlar uşaqlarda nitqdə ləngimə olmasının səbəbləri:
- Elektron əşyalardan çox istifadə;
- Ailədə çox dilə üstünlük verilməsi (blinqivist);
- Böyüklərlə ünsiyyətin olmaması;
- Mərkəzi sinir sistemində olan problemlər;
- Eşitmədə olan problemlər;
- Uşaqla uşaq dilində danışılması və s.
Valideynlər uşağın inkişafını izləməli və hər hansısa bir ləngimə gördükdə dərhal mütəxəssisə müraciət etməlidir. Əlbətdəki bu mütəxəsis loqoped olmalıdır.Bəs nə zaman narahat olmaq lazımdır
- Səs-heca təqlid yoxdursa;
- Nitq əvəzinə jestlərdən çox istifadə edirsə;
- Lüğət ehtiyatı yaşına uyğun deyilsə
- Dediyi sözü sonra unudursa
- Danışmamaq üçün davranış problemi göstərirsə və s
Əgər uşağın lüğət ehtiyatı yaşına uyğun inkişaf etmirsə bunun bir neçə səbəbi ola bilər:
- müraciət anlamaması;
- mərkəzi sinir sistemində olan problemlər;
- sosiallaşmaması və
- Elektron əşyalardan çox istifadə s.
Övladınızın lüğət ehtiyyatını artırmaqda ən yaxşı üsulları sizlərlə paylaşıram:
Şəkilli kitablar – Şəkilli kitablardan istifadə həm uşağın marağına səbəb olur, həm də danışılan mövzunu şəkil formasında gördüyü üçün təsəvvürü də formalaşır.
Sual-cavab – Bundan gündəlik həyatımızda çox asanlıqla istifadə edə bilərik. Məsələn, bir yerə getdikdə ora necə, nə ilə, kim ilə getdiyinizi, orada nələrin olduğunu və s. soruşa bilərsiniz. Bundan hətta uşağın nitqi olmasa belə istifadə edilməlidir.
Hekayələr – Təəssüf ki, indiki dövrdə yatmazdan öncə uşağa nağıl və hekayələrin danışılmasına nadir hallarda rast gəlinir. Ona hər hansısa bir hekayə danışılanda o həmin hadisələri təsəvvüründə canlandırır. Qeyd etmək istərdim ki, bir hekayənin hissələrə bölünüb 2-3 gündə danışılması daha yaxşı olar. Bu zaman uşaq maraqla gözləyir və daha həvəsli olur.
Bağça – Baxçada uşaq sərbəst olur.Nitqdən istifadə etmək məcburiyyətindədir.Həmçinin uşaq uşağa öyrədər. Düzdür ailələr şikayət edir ki,uşaq xəstələnirlər.Uşaq tez-tez xəstələnsə də müxtəlif xəstəliklərə qarşı onda immunitet yarandığını da nəzərə almalıyıq. Əlavə olaraq bağçada uşaqların digər uşaqlarla sosiallaşması, ünsiyyətə girməsi nitq üçün çox əlverişli mühitdir. Çünki uşaq, uşağa öyrədir.
Oyun – İndiki dövrdə gizlənqaç, bənövşə və bu tip oyunları bilən və oynayan uşaqlarla demək olar heç rastlaşmırıq. Halbuki oyunlar uşağın inkişafında və nitqində rol oynayan əsas amillərdəndir.
Oyun parkları – Parkda uşaq ətrafı kəşf etmək istəsədə bəzən valideynlər uşağın yıxılmasından, əzilməsindən qorxduğu üçün buna mane ola bilirlər. Amma həmin vaxt uşaq digər yoldaşları ilə ünsiyyətdə olur və yeni şeylər öyrənir.
Gəzintilər – Uşaqların ən çox sevdiklərindən olan gəzintilər də nitqə təsir edən amillərdəndir. Amma burda təkcə uşağı gəzintiyə çıxarmaq yox, orada olan hadisələr haqqında da məlumat vermək vacibdir. Məsələn, zooparka gedərkən ordakı heyvanların adları, nə yedikləri və s. haqqında danışılmalıdır.
Hər bir uşağa sağlam, gözəl həyat arzu edirəm!
Korreksion pedaqoq – loqoped Fatimə Dadaşova