Tələbənin gözü ilə...
Həyatın mənası nədir? Biz nəyə görə doğulmuşuq? İnsanlar nəyə görə əzab çəkir? Suallarını ilk dəfə özümə verəndə Bakı Dövlət Universitetinin 2 saylı korpusu 912-ci otağında idim. Defektoloq Malik müəllimin mühazirəsini dinləyirdim. O bizə müxtəlif problemlərin (görmə, eşitmə qüsurları, daun, autizm, nitq qüsurları: rinolaliya, afaziya, kəkələmə, alaliya və s.) determinizm prinsipinə əsaslanaraq endogen və ekzogen amillərini açıqlayırdı. Endogen amillərə əsasən antinatal və natal dövründə baş verə biləcək amilləri, ekzogen amillərə aid isə postnatal dövrə məxsus mümkün ola biləcək travmalar barədə geniş danışmağına baxmayaraq bu məlumatlar məni qane etmir, daha ilahi bir cavab gözləyirdim. Çünki bir körpənin həyatını məhv edən amillər axı necə bu qədər sadə ola bilər? Əlimi qaldırıb sual verdim “Malik müəllim axı o körpələrin nə günahı var axı? Niyə xəstə doğulurlar, axı onları heç bir günahı yoxdu?”
O, yenidən mənə ekzogen və endogen amilləri sadalamağa başladı. Bu sualın cavabını nə gözlədiyimi bilmirəm amma daha ilahi cavab gözləyirdim. O uşaqların, valideynlərin keçirtdiyi bütün ağrılara, əzablara hətta utanclara dəyəcək bir cavab ...
Amma belə bir cavab eşitmədim və o deyilən cavablarla kifayətlənməli oldum. Bəlkə də medyanın təsiri idi məndə. İllərdir “Beşinci boyut” və bu tipli yayımlanan dini filmlər məndə və digər insanlarda belə bir fələsəfə oyandırır ki, yalnız günahı olan inasanlar fiziki və ya mənəvi cəhətdən əzab çəkir. Bu təsirdən çıxmağım uzun zaman aldı. Bəlkə də ətrafımızda olan insanların problemli uşaqları qəbul edə bilməmə səbəbləri budur? Onlar günahkardır və ya zərərli insanlardır kimi düşüncələr...
Və beynimdə o qədər suallar meydana çıxdı ki. ALLAHımız yəni bu qədər ədalətsizdir? kimi. Valideyn səhvi, məsuliyyətsizliyi və ya qanda ola biləcək mikrob və s. bir və bir neçə insanın həyatını məhv etməyə dəyərmi?
Həmin semestr bu tip fənlər bizə tədris olundu. Sözsüz ki, psixoloji nüanslar qabardılaraq. Bir il sonra qüsurlu uşaqlarla çalışan bir mərkəzdə könüllü psixoloq olaraq işə başladım. Bu il ərzində suallarıma cavab tapa bilmək üçün bir çox üsullara əl atdım. Çünki artıq yaşamağımızın bir önəmi olub olmadığı, reinkarnasiya haqda düşünməyə başlayırdım. Hər çətinlikdə bu həyatı tərk etmək barədə düşüncələr də ağlıma gəldi. Kimin gəlmir ki? Məsuliyyətlərdən qaçmaq, ailədaxili problemlərdən yaxa qutarmaq, bu meqapolisin stresslərindən qaçmaq...
Bir suala cavab tapmaq üçün endiyin hər dərinlikdə yeni bir sual ortaya çıxır. Hər etdiyin araşdırma səni alıb götürür. Öz məqsədlərinə nail ola bilmək üçün milyonlarla yalan, doğru informasiyalar çap olunur və sən onların ağırlığı, ziddiyyətləri və ədalətsizliklərinin altında boğulursan. Həqiqətən də çox düşünmək heç yaxşı bir şey deyil. Dərinliklərə enmədiyim zamanlarım üçün çox darıxıram...
Mərkəzdə çalışmağa başladığım ilk gün Murad adında ilkin autizmdən və nitq qüsurundan əziyyət çəkən uşaq yanıma qaçıb əlində plastilin “ma-şın” dedi. Çox xoşbəxt idim. Hislərimi təsəvvür etmək mümkünsüz idi. Bərabər plastilindən maşına bənzədə bilməsəkdə maşın təsiri bağışlayan əşya düzəltməyə nail olduq. Və mən belə zənn etmişdim ki, o yalnız mənə o cür münasibət bəsləyib. Sonra müşahidələrim nəticəsində onun yeni gələn insanların yanına qaçıb ələrindən tutduğunun şahidi oldum. Belə qənaətə gəldim ki, sevgi istəyir və çox pis oldum.
Damla adında dünya gözəli, şip-şirin bir qız tanıdım orada. Psixoloqun mənə verdiyi məlumatdan məlum oldu ki, anası tərəfindən şiddətə məruz qaldığı üçün patoloji utancaqlıq, qorxu əmələ gəlib. Nisbətən əqli gerilik də var. Amma ağıllı uşaqdı. Anası psixoloji dəstək almaqdan imtina edib. Kaş o valideyn əlimə keçsəydi!!!
Realda edə bilməsəmdə xəyalımda onu gözəl çırpardım. Pedaqoqların səsi bərk eşidiləndə o qızın gözlərindəki qorxunu izah edə biləcək kəlmə tapmıram və içim parçalanır. Körpəni sevgidən məhrum edib onun həyatını məhv edən ana nəyə görə bunu edir? Uşaqlarına fiziki zərər yetirən valideynlər əslində kimlərdir?
- ƏTRAF MÜHİTDƏN TƏCRİD OLUNMUŞ İNSANLARDIR!
- ÖZLƏRİNİ DƏYƏRSİZ GÖRƏN İNSANLARDIR!
- EMPATİYA HİSSİNDƏN MƏHRUM OLAN İNSANLARDIR!
- ANA,ATALARI TƏRƏFİNDƏN ŞİDDƏTƏ MƏRUZ QALAN İNSANLARDIR!
- UŞAQKƏN TƏRK EDİLMİŞ İNSANLARDIR!
- ÇƏTİNLİKLƏR İÇİNDƏ OLAN İNSANLARDIR!
- HEÇ KİMİN ONLARA KÖMƏK ETMƏYƏCƏYİNİ DÜŞÜNƏN İNSANLARDIR!
- UŞAQLARINDAN ÇOX ŞEY GÖZLƏYƏN İNSANLARDIR!
- YAŞLARINDAN YUXARI DAVRANMAĞA TƏHRİK OLUNAN İNSANLARDIR!...
Bir sözlə sevgiyə möhtac hətta sevginin nə demək olduğunu bilməyən insanladır. O körpənin ürkək gözlərinin arxasında yatan həqiqətlər bunlardır. Dəyərmi? Damlaların sayı bitsin deyə gələcək valideynləri maarifləndirməkdən başqa çıxış yolu görmürəm. Və Damlanı çox sevirəm.
Yusif var orada. Ağır autizm və mükəmməl dərrakə. Gah heç bir pedaqoqa məhəl qoymadan özünü yerə çırpıb öz aləmində oynayan, gah da oyuncaq ayını qucaqlayıb ağlayan Yusif. Öz aləmində olan Yusifə yaxınlaşacağına heç ümid etməyərək qollarımı açıb “Gəl oynayaq Yusif” deyə səsləndim. Və o qaçıb məni qucaqladı və getdi öz aləminin ardınca. Gələcəyin Albert Enişteyni məndən sevgi istədi.
Daun xəstəliyindən əziyyət çəkən Cavad. Qəlbimdə ona “Sevgi dilənçisi” deyirəm. Hansımız deyilik ki. Açıq şəkildə biruzə verməkdən çəkinən sevgi dilənçiləriyik. Cavadı görəndə Virciniya Satirin sözləri yadıma düşür: “Gündə 4 dəfə qucaqlaşmaq yalnız sağ qalmaq üçün lazımdır. Yaxşı əhval üçün 8 dəfə qucaqlaşmaq gərəkdir”
İnci, Maqsud, Fəxrəddin ... xəstə problemli onlar deyil bizik! O körpələr sadəcə çox həssasdırlar. Sevgi, qayğı istəyirlər. Hətta ən ağır autizmi belə qayğı, sevgi vasitəsilə bir anlıqda olsa öz aləmindən ayırmaq mümkündür.
Hələ çox kiçikəm. Bilmədiyim çox şey var. Amma mən belə düşünürəm ki, bu həyatda ən gözəl və təsirli terapiya sevgidir. Və bütün xəstəliklərin yaranma səbəbi sevgi defisitidir. Artıq problemli uşaqlara görə içim yanmır. Çünki anladım ki, problemli onlar deyil. Bizlərik! Onlar xüsusilə daunlar bu dünyanı xilas edəcək yeganə vasitənin sevgi olduğunu açıq aşkar nümayiş etdirməyə qadir olan cəsur insanlardır. Əsl şikəstlər, ifliclər, zəlillər bizik! Dəyər verdiklərimizə layiq olduqları dəyərdən məhrum edib həm onları, həmdə gələcək nəsilləri məhv edən axmaqlarıq. Bu cür problemli körpələrin doğulma səbəbləri valideynlərin zərərli vərdişləri də ola bilər. O zərərli vərdişlərdə sevgi əksikliklərindən baş qaldırmır mı? Və şükürlər olsun ki, problemli uşaqlar var. Onlar həqiqətləri görməyə bizə yardımçı olan mələklərdir.
Həyatın mənası haqda uzun araşdırmalarımdan sonra bu qənaətə gəldim ki, həyatın mənası onun mənasızlığıdır. O qədər nəysə əldə etməyə, mənfəət güdməyə öyrənmişik ki, gözəllikləri mənasız hesab edirik. Məsələn çox gözəl bir təpədən Günəşin qürubunu seyr edirsən. O heyrətamiz mənzərəni seyr edən zaman mədəndə kəpənəklərin uçduğunu hiss etdiyin an bir axmaq “nolsun? bunun mənası nədir?” deməyinə bənzəyir həyatın mənasının soruşulması.
Körpələr sevgidir. Canımızdan qopan sevgi hissəciklərimizin birləşməsidir mənim fikrimcə. Düşünün kişi və qadın bir – birilərini sevib izdivaca nail olur. Və hər ikisinin canından ayrılmış sevgi hüceyrələri gələcək ananın bətnində lokallaşır. 9 ay sonra canından bir parça ayrılır. Valideynlər öz canlarının parçası olan sevgilərinə toxuna, qucaqlaya, öpə hətta qoxlaya bilirlər. Körpə, çağa, övlad, uşaq kəlmələrini dəyişib “Sevgi” kəlməsi ilə əvəz etsək daha gözəl olar. Körpə, çağa, uşaq sözlərində valideynin hətta hər kəsin ağlına gələn ilk düşüncə məsuliyyətdir. ”Sevgi” dedikdə isə ifadə oluna bilməyəcək duyğu.
Əgər dünyaya gələn sevginizdə el arasında dediyimiz qüsur varsa, bilin ki, evinizdə problemli olmayan şəxs var. Və ya Mələk.
SEVİN, SEVİLİN, SEVDİYİNİZ GÖSTƏRİN. DÜNYANIN BUNA ÇOX EHTİYACI VAR!
Bakıxanova Xavərxanım Ağamehdi qızı
Bakı Dövlət Universiteti,Sosial elmlər və psixologiya fakültəsi, Təhsildə sosial-psixoloji xidmət ixtisası, III kurs, bakalavr
Səlis danışıq loqopedik psixoloji mərkəzində könüllü psixoloq
Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR
1.Doğan Cüceloğlu “İçimizdeki çoçuk”, Remzi Kitapevi -2016,254 s
2.Osho “Tale, azadlıq və ruh. Həyatın mənası nədir?”, Qanun nəşriyyat-2016, 228 s
3.Yuliya Qippenreyter “Uşaqla necə ünsiyyət saxlamalı?”, Qanun nəşriyyat-2014, 196 s