Loqopedik massaj uşağı danışıdırır?

Bir çox valideynlər masaj haqqında internet portalından və ya digər valideynlərdən məlumat alırlar. Bəhs olunan masaj növü loqopedlərin etdiyi loqopedik masajdır və bu masajın nitq qüsurlarına necə müsbət təsirini öyrənib, loqopedlərdən onun övladına masaj olunmasını tələb edirlər. "Niyə bəzi loqopedlər masaj edir, amma siz etmirsiniz!? Masaj ediləndən sonra qonşumun uşağının dili açıldı, bəlkə siz də etsəniz mənim də uşağım danışar!?"

Əziz valideynlər,ilk növbədə bilməli oldugunuz bəzi nüanslar var. Loqopedik masaj artikulyar aparatın (ağız) əzələlərinin, sinirlərinin, qan damarlarının vəziyyətini dəyişdirən mexaniki təsir üsuludur. Masajin təsiri nəticəsində spastik əzələlərin tonusu aşağı, əksinə, süst parezlərin tonusu qaldırılır. Masaj üz, dil, dodaq əzələlərini aktivləşdirir ki, bu da nitq ləngiməsi olan uşaqları "danışdırır". Buna göstəriş bir sıra bir nitq qüsurları, dil, yanaq, dodaq əzələlərinin fəsadları o cümlədən dizartriya, serebral iflic, kəkələmə, motor alaliya, səs tələffüzü qüsurları, çeynəmə, udqunma problemlərində istifadə olunur. Onu da qeyd edim ki, sensor alaliya və sensor afaziya zamanı masaj olunmur.

Hər bir ailəyə mütləq loqoped başa salmalıdır ki, loqopedik masaja əks göstərişlər də var və onlar aşağıdakılardır :

  1. Qızdirma
  2. Kəskin iltihabı proseslər
  3. Stomatit və ya digər ağız infeksiyaları
  4. Epilepsiya və ya epi sindrom
  5. Konyuktivit
  6. Diatez və digər allergik reaksiyalar
  7. Burun qanaxmaları və onlara meyllilik.
  8. Karotit arteriyalarının  aydın pulsasiyası
  9. Şişmiş limfa düyünləri.

Bəzi hallarda masajın təyin edilməsinə əks göstərişlər müvəqqəti xarakter daşıyır və xəstəliyin kəskin dövründə və ya xroniki xəstəliyin kəskinləşməsi ilə baş verir. Loqopedik masajın bir sıra növləri varki bunlar da aşagidakılardir:

  1. Klassik (əl ilə) masaj
  2. BAN (bioloji aktiv nöqtələr)
  3. Özunu masaj (şəxsin özü tərəfindən edilən masajdır)
  4. Zond masajı (loqopedik zond və zondəvəzedicilərlə, şpatel və s.)

Loqopedik masaj həftədə 2 dəfədən az olmamaq şərtilə hər gün və ya günaşırı keçirilə bilər. Təbii ki bu zaman uşağın yaş xüsusiyyətləri nəzərə alınır. Belə ki, 3-12 aylıq uşaqla 1-5 dəq., 2-3 yaş uşaqla 3-15 dəq.. 4-7 yaş uşaqla 5-25 dəq., yeniyetmə və böyüklərlə 25-40 dəq. muddətində edilir. 2 həftədən 2 aya qədər fasilə olmaq şərtilə 10-15 prosedur edilməsi məqsədəuyğundur.

Təbii ki, loqopedik masaj artikulyar gimnastikasız yarımciq hesab olunur. Buna görə də hər hər bir prosedurdan sonra mütləq həmin uşağa masajın daha effektli olması üçün artikulyar gimnastikalar verilir.

Bütün bunlardan bir nəticəyə gəlmək olar ki, loqopedik masaji "hər ehtimala" qarşı etmirlər. Bunun üçün mütəxəssisin göstərişi olmalıdır. Loqopedik masaj sehrli düymə deyilki onu edən kimi nitq aparatında bütün problem dərhal aradan qaldırılsın. Bu o zaman gözəl effekt verir ki, düzgün olunan masajla yanaşı nitqin inkişafına təsir edən digər metodlarla birgə istifadə olunsun.

Hörmətli valideynlər, loqopedik masajın hansı uşaq üzərində istifadə olunmasa icazə verin biz mütəxəssislər qərar verək. Çünki, məhz, bu sahədə təhsil görmüş, praktik bacarığı olan, yüksək səviyyədə təlim keşmiş mütəxəssislər hansı uşağa necə yanaşmalı olduğunu bilirlər. Çünki, səhv edilmiş masaj uşaqlara xeyirdən çox ziyan gətirə bilər. Belə ki,ağız suyunun axmasına, səslərin səhv tələffüzünə, zondlara qarşı qorxu yaradır, hətta epilepsiyanin aktivləşdirilməsinə və s. gətirib çıxara bilər.

Nitq İnkişafi Mərkəzinin loqoped defektoloqu Məmmədova Nurlana

 

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr